Hansı
peşə daha yaxşıdır
Məktəb illərinin başa çatması gənclər üçün
yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında
çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin
qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər
gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də
valideynləri ilə məsləhətləşirlər. Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi
var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər
verirlər. Mənim qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə
bir ciddi fərqi yoxdur. Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, seçdiyin
peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən.
Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana biləsən.
Mən də artıq öz seçimimi etmişəm. Bizim ailəmiz həkimlər ailəsi kimi tanınır.
Babam məhşur cərrahdır. Anam uşaq poliklinikasında göz həkimi işləyir. Qardaşım
Azərbaycan Dövlət Tibb Universitetinin sonuncu kurs tələbəsidir. Mən də ailəmizin
ənənəsini davam etdirməyə və həkim olmağı qərarlaşdırmışam. Açığı, məndə bu beşəyə
marağı babam oyadıb. O məni bir neçə dəfə işlədiyi xəstəxanaya aparıb. İlk dəfə
babamın ağ xalatlı dostları ilə tanış olanda çox həyəcanlı idim. Onlar xəstələrlə
nəvazişlə davranırdılar. Babam da yanına gələn xəstələrin dərdlərinə qəlbən şərik
olur, onları səbrlə dinləyir və dəyərli məsləhətlər verir. Hər cərrahiyə əməliyyatını
aparan zaman babam narahat anlar yaşayır. Uğurlu keçən əməliyyatdan sonra isə
babam özünü çox xöşbəxt hiss edir. Ailəmizin ünvanına tez-tez Azərbaycanın
müxtəlif bölgələrindən anamın və babamın keçmiş xəstələrindən məktublar gəlir.
Sağalıb gümrah halda öz ailələrinin, uşaqlarının yanına qayıdan insanlar onlara
ikinci həyat bəxş etdiklərinə görə anama və babama ən səmimi duyğularını
çatdırırlar. Göründüyü kimi, həkimlik çox nəcib, hamıya gərək olan peşədir.
Ancaq mən başa düşürəm ki, bu peşə nəcib olduğu qədər də məsuliyyətlidir. Axı
söhbət insan taleyindən gedir. Hansısa bir səhv, ehtiyatsızlıq böyük faciəyə səbəb
ola bilər. Buna görə də həkim elmin sirlərinə mükəmməl yiyələnməli, müasir tibb
cihazları ilə işləməyi bacarmalı, ən əsası da öz məsuliyyətini heç vaxt yaddan
çıxarmamalıdır. Mən də dərslərimi "əla” qiymətlərlə oxumağa çalışıram, tibbə
aid çoxlu əlavə ədəbiyyat mütaliə edirəm.
|